Psixoloqun etik qaydaları
Əgər psixoloqa müraciət etmək istəyirsənsə, o zaman bunları bilmək çox önəmlidir:
Psixoloq müştəri ilə yalnız peşəkar münasibət saxlamalıdır.
Psixoloqla müştəri arasında dostluq, işgüzar və romantik münasibət deyil, yalnız peşəkar münasibət ola bilər. Müştərini cinsi əlaqəyə cəlb etmək də qadağandır. Qeyd etmək istəyirəm ki, psixoloqla müştəri arasında peşəkar münasibətlər psixoloji kabinet formatı ilə məhdudlaşır, yəni qeyri-rəsmi ünsiyyət qəbuledilməzdir. Həmçinin, psixoloq qohumlar, dostlar, işçilər və rəhbərlərlə psixoloji konsultasiya aparmamalıdır.
Psixoloq məxfiliyi qorumalıdır.
Psixoloq birgə iş zamanı müştəridən alınan məlumatların məxfiliyinə zəmanət verməyə borcludur. Əgər psixoloq məqalə, tədqiqat, nəşr və ya mühazirə üçün müştəridən əldə etdiyi konkret və şəxsi məlumatdan istifadə etmək istəyirsə, o zaman müştərinin əvvəlcədən razılığını almalı və ciddi şəkildə ANONİMLİYİ (müştərinin şəxsi məlumatlarını göstərmədən) saxlamalıdır. Videoların, audio yazıların və fotoşəkillərin istifadəsi də müştərinin icazəsini tələb edir. Superviziya və interviziya lazım gələrsə, psixoloq yenə də anonimliyi saxlamalıdır.
Psixoloq müştəri ilə müqavilə bağlamalıdır
Müqavilədə ödəniş şərtləri, müştəri və ya psixoloq tərəfindən seansların ləğv olunma və buraxılma, işin tamamlanma qaydası haqqında təlimatlar var. İstənilən dəyişiklik yenidən danışıqların aparılmasını və ilkin müqavilənin dəyişdirilməsini tələb edəcək.
Psixoloq təhlükəsizlik yaratmalıdır
Psixoloq seansların kimsə tərəfindən eşidilməməsi, qeydə alınmaması və ya müşahidə edilməməsi üçün məxfiliyini təmin etməyə borcludur.
Psixoloq öz işində yüksək səriştəliliyi təmin etməli və saxlamalıdır
Psixoloq yalnız təlim keçmiş və təcrübədən keçirdiyi üsullardan istifadə etməlidir. O, öz səlahiyyətlərinin hüdudlarını aşkar etdikcə müştərini başqa mütəxəssisə yönləndirməli və ya başqa mütəxəssislə əməkdaşlıq etməlidir.
Yuxarıda göstərilən prinsiplərə əməl etməyən psixoloq etik kodeksini pozmuş olur.
Özünüzdən müğayət olun və psixikanızı yalnız peşəkarlara etibar edin!
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.