Niyə psixoloq məsləhət verməməlidir
Çox vaxt insanlar psixoloqa müraciət edərkən, seans zamanı məsləhət alacaqlarını və ya problemlərinin tez həll olacağını gözləyirlər. Başqa sözlə, onları narahat edən hər hansı problemin konkret həllini istəyirlər. Ancaq aşağıdakı səbəblərə görə mən sənə məsləhət verməməliyəm:
Məsləhət vermək sənə zərər verə bilər
Əgər sənə məsləhət versəm, bu o deməkdir ki, mən sənin yetkin tərəfini nəzərə almıram, səni uşaq mövqeyində gücləndirirəm. Bu mövqedə qalsan, öz inkişafını dayandıracaqsan. Məsləhət - müstəqillik qazanmağına, daxili dəstək almağına və öz həyatın üçün məsuliyyət daşımağına mane olacaq.
Məsləhət vermək mənim işimin bir hissəsi deyil.
Əslində, mənim rolum sənin özünü və öz situasiyanı daha yaxşı başa düşməyinə, öz yolunu seçməyinə, öz qərarlarını verməyinə, həyatına məsuliyyətlə baxmağına kömək etməkdir.
Mən sənin bu və ya digər vəziyyətdə nə edə biləcəyini bilmirəm.
Mən müəllim və ya mentor deyiləm, ona görə sənin bu və ya digər vəziyyətdə nə edə biləcəyini bilmirəm. Mənim problemi həll etmək üçün universal bir üsulum yoxdur. Hər bir insan unikaldır, hər birinin öz hekayəsi var.
Amma mən bilirəm ki, psixoterapiya - psixoloterapevt və müştəri arasında əməkdaşlıqdır, burada hər biri öz töhfəsini və məsuliyyət payını bilir. Psixoterapiya sənin öz qərarlarını verməyə kömək edən bir vasitədir.
Unutmayın ki, psixoloqun məsləhət verməsi qeyri-peşəkarlığın və peşə etikasını başa düşməməyin əlamətidir.
Sənə qayğı ilə, psixoloq və psixoterapevt Türkan Piriyeva.