Ayrılıq və münasibətin bitməsi
Ayrılmaq və münasibətin bitməsi bir növ itkidir. Çox vaxt itkinin ilk mərhələsi inkar etmək mərhələsi hesab olunur. Bu mərhələdə münasibətlərinizin sona çatdığına inanmaq istəmirsiniz. Heç nə dəyişməmiş kimi yaşamağa davam edərək bu mövzu haqqında danışmaq istəməyə bilərsiniz. Siz qapalı və təcrid və ya əksinə, çox fəal ola bilərsiniz.
Ayrılığın geridönülməz olduğunu qəbul etməyə başlayanda çox vaxt insanda qəzəb hissi yaranır. Sizdə baş verənlərə qarşı ədalətsizlik hissi, keçmiş sevgilinizə qarşı əsəb, nifrət hissi yarana bilər.
Ayrılığın acısını hiss etməmək üçün sövdələşmə mərhələsinə keçə bilərsiniz. Bu mərhələdə siz,
"Hər şey düzələcək və biz yenə birlikdə olacağıq",
"Əgər o bunu etsə, mən...",
"Kaş vaxtı geri qaytara biləydim" kimi illüziyalara qapılmağa başlayırsınız. Və keçmişdə qalmaqla ağrıdan qaça bilərsiniz, lakin bu müvəqqətidir. Sonda anlayırsınız ki, özünüzlə asılılıq yaradan bir oyun oynayırsınız.
Cəhdlərin uğursuz olduğunu başa düşdükdən sonra insanda apatiya, gücsüzlük, ümidsizlik, kədər hissləri yaranır və artıq bu depressiya mərhələsidir. Siz itki üçün yas tutmağa, sizin üçün nə zamansa çox vacib olan münasibətlər üçün darıxmağa başlayırsınız.
Bütün bu vəziyyətlər tamamilə təbii reaksiyalardır. Özünüzə bütün bu hissləri yaşamaq imkanı vermək çox vacibdir, çünki yalnız o zaman siz son mərhələyə, yəni qəbuletmə mərhələsinə keçə biləcəksiniz. Bu mərhələdə siz keçmişdə yaşamağı dayandırırsınız, keçmiş sevgilinizi geri qaytarmağa çalışmırsınız, vəziyyəti qəbul etməyə və itki ilə barışmağa hazırsınız.
Əgər mərhələlərdən birində “ilişib” qalmısınızsa, psixoterapevtə müraciət edə bilərsiniz.
Hörmətlə, psixoloq və psixoterapevt Türkan Piriyeva.