Axi sən psixoloqsan...
Mənə tez-tez ünvanlanan “Axi sən psixoloqsan ...” ifadəsindən sonra adətən psixoloqun necə olması mövzusunda bir çox yanaşmalar eşidirəm.
Axı sən psixoloqsan, niyə kədərlənirsən (əsəbləşirsən, həyəcanlısan) və ya axı sən psixoloqsan, sənin öz problemlərin ola bilməz.
Psixoloq da emosiyaları və hissləri olan canlı insandır. O, həmçinin səhvlər edir, uğursuzluqlar, çətinliklər, problemlərlə üzləşir. Bununla bağlı özündə kədər, qıcıq, qəzəb, gücsüzlük hiss edə bilər və bu normaldır. Şəxsi terapiya, peşəkar bilik və bacarıqlar isə psixoloqa çətin vəziyyətlərin öhdəsindən gəlməyə kömək edir.
Axı sən psixoloqsan, mənə nə edəcəyim ilə bağlı məsləhət ver.
Məsləhət almaq istəyirsinizsə, o zaman psixoloqa müraciət etmək ehtiyac yoxdur, çünki psixoloq məsləhət vermir. O, sənə necə yaşamaq, müəyyən vəziyyətdə nə etmək barədə göstərişlər vermir. Psixoloq sənə ehtiyaclarını və istəklərini başa düşməyə, seçim etməyə və bununla bağlı fəaliyyətə başlayıb başlamamaq üçün məsuliyyət götürməkdə kömək edə bilər.
Axi sən özün psixoloqsan! Niye psixoloqun qəbuluna gedirsən?
Şəxsi psixoterapiya bütün psixoloq və psixoterapevtlər üçün məcburi tələbdir. Psixoterapiya psixoloqa öz problemlərini həll etməyə və öz problemləri müştərilərə aid etməməyə kömək edir. Psixoloterapiya peşəkar tükənmənin qarşısını almaq üçün də vacibdir.
Axi sən psixoloqsan, necə olur ki, sən bu sorğu ilə işləmirsən.
Hər bir psixoloqun şəxsən işləməkdə maraqlı olduğu, dərindən öyrəndiyi və onlar üzrə ixtisaslaşan mövzu siyahısı var. Əgər sizin sorğunuz (probleminiz) bu siyahıya daxil deyilsə, bu onun qeyri-peşəkar psixoloq olması demək deyil.
Hörmətlə, psixoloq və psixoloterapevt Türkan Piriyeva.